
Depressiya nədir? Əlamətləri hansılardır? Depressiya haqqında məlumat
Depressiya nədir?
Depressiya zamanı həyəcan, halsızlıq, gərəksizlik hissi, yuxunun pozulması, əhval-ruhiyyənin enməsini müşahidə edirik. Daha çox 25-30 yaşlarda başlasa da, istənilən yaşda rast gəlinir. Hər ruh düşkünlüyü depressiya deyil. Bunun üçün əlamətlərin hər gün və 2 həftədən çox davam etməsi vacibdir. Bu xəstəlik medikamentoz və psixoterapevtik müalicə tələb edir. Müalicə olunmazsa, depressiyalar günlər, aylar və hətta illərlə davam edə bilər.
Risk faktorları hansılardır?
- Erkən yaşda valideyn itirmək
- Narkotik və alkoqol istifadəsi
- Anksiyet pozulmaları
- Qadın olmaq
- Aşağı sosial yaşam
- Yalnız yaşamaq, boşanma
- İşsizlik: İşsizliyin bir risk faktoru olması ilə yanaşı işdə uğursuzluq da önəmli səbəblərdən biridir.
- Daha əvvəllər də depressiyanı keçirmiş olmaq
- Yaxın zamanda baş verən təsiredici hadisələr, stress
- Xarakterik xüsusiyyət
- Uşaq çağlarında cinsi və ya fiziki işgəncələrə məruz qalmaq
- Bəzi dərmanlar
- Hormonal disbalans
- Tibbi xəstəliklər və.
Cinsiyyətin önəmi varmı?
Qadınlarda depressiyanın kişilərə görə 2 qat daha çox olması kişilərin xarakterik xüsusiyyətləri, alkoqol qəbulu, müəyyən hallarda emosiyalarını şiddətlə ifadə edə bilməsi, qadınların bu sadalananları edə bilməməsi, eyni stressə daha bəlirgən reaksiya verməsi ilə əlaqələndirilir. Digər önəmli açıqlamaların birində isə hormonal səbəblər və ümumi cəmiyyətdə qadının rolu göstərilir. Həmçinin qadınlarda hamiləlik, doğuş, mensturasiya kimi tsikllər onların həm biolojik, həm də psixoloji depressiyaya meylli olduğunu göstərir.
Qadın və kişilərdə depressiya sıxlığı ilə əlaqədar olaraq aşağıdakı kimi bir sıralama qeyd edə bilərik. (Ən azdan ən çoxa doğru):
- Evli kişi
- Evli qadın
- Subay və ya dul qadın
- Subay, dul və ya boşanmış kişi
- Ayrı yaşayan və boyanmış kişi
Depressiyanın əlamətləri hansılardır?
Klinik depressiyanın əsas əlamətləri xoş olmayan duyğu hissi, maraq və zövq azlığı, ümidsizlik və pessimistlikdir. Belə şəxslər dərin bir kədər yaşamaqdadırlar. Gələcəkləri və yaşadıqları ilə bağlı həmişə ümidsiz düşünərlər. Pasiyentdə depressiv hallarla yanaşı, müəyyən vəzifə və öhdəliklərə qarşı da məsuliyyət hissinin azaldığı görülür. İş, şəxsi zövqlər, ikili münasibətlər, cinsəllik də daxil olmaq üzərə artıq zövq almazlar. Bunlarla belə ürəkbulanma da görülə bilər. Ümidsizlik və çarəsizlik hissləri o qədər dərin ola bilir ki, düşdükləri bu vəziyyətdən heç bir şəkildə qurtula bilməyəcəklərini belə düşünə bilərlər. Depressiv xəstələr adi günlük aktivitələri belə etməkdə çətinlik çəkərlər. İş, ailə, pul və sağlamlıqları ilə bağlı beyinləri məşğul olar. Enerji səviyyələri azalar. Bəzi şəxslərdə isə əlamətlərin qabarıq forması somatik əlamətlər şəklində olur.
Depressiv halların çoxundan bu kimi şikayətlərlə yanaşı olaraq iştahsızlıq və çəki itkisi də görülə bilər. Yuxu pozulmaları depressiyanın sıx rast gəlinən əlamətləri arasındadır. Əlavə olaraq dalğınlıq və unutqanlığı da buraya aid edə bilərik. Bəzi ağır depressiya hallarında isə düşüncədəki fikirlər ilə realda baş verəni xəstə bir-birilə qarışdıra da bilər.
Depressiya diaqnozu necə qoyulur?
Depressiya diaqnozunun qoyulması üçün yuxarıda sadalanan əlamətlərinin hamsının olması önəmli deyildir. Yuxarıdakı şikayətlər həyatı çətinləşdirəcək qədər ağır və başqa bir səbəblə əsaslandırıla bilinməzsə, bu zaman diaqnoz qoyulur.
Uşaqlarda depressiya olurmu?
Bəli. Uşaqlıq çağlarında da depressiya görülə bilər. Müalicə edilməməsi halında isə proses uzana və yetkinlik yaşına qədər davam edə bilər. Uşaqlarda depressiyanın əlamətləri bəzən yetkin insanlardakından fərqlənir. Məktəbdən imtina, uydurma xəstəlik, valideynlərini itirmə qorxusu, məktəbdəki problemlər şəklində əlamətlər büruzə verilə bilər.
Depressiyanın müalicəsi nə qədər çəkir?
Depressiya hallarının 85% və ya daha çoxunda xəstələr tibbi müalicədən yaralanırlar. Müalicə olunmayan hallarda isə əlamətlər 6-24 ay ərzində normala qayıda bilinir. 5-10% hallarda isə proses 2 ildən çox çəkə bilər. Müalicə ilə isə bu müddət bir neçə aya qədər düşürülə bilər. Müalicəyə erkən başlanıldıqda effekt qısa zaman ərzində görülməyə başlayır. Unutmaq olmaz ki, bu yenilənən bir xəstəlikdir. Daha əvvəllər depressiya keçirməyiniz bir daha keçirməyəcəyiniz mənasında gəlmir.
Yuxu pozulmaları depressiyaya səbəb olar bilərmi?
Yuxu problemi depressiyanın vacib bir əlaməti olması ilə yanaşı, öz-özlüyündə depressiya yarada biləcək bir faktordur. Son illər aparılan araşdırmaların uzunmüddətli yuxusuzluğun depressiyaya yol aça biləcəyi dəlillər olduqca artmışdır. Bu səbəbdən də müalicə zamanı yuxu dinamikasının normallaşdırılması əsas məsələlərdən biridir.
Dərmanlar depressiyaya səbəb ola bilərmi?
Bir çox antihipertenziv (təzyiqsalıcı), ürəklə bağlı dərmanlar (kardiotonik, antianginal, antiaritmik), iltihabəleyhinə (ağrıkəsici və revmatizm müalicəsində istifadə edilən dərmanlar), antibiotiklər, hormonal preparatlar, bir çox psixotrop dərmanlar və s. depressiyaya səbəb ola bilər. Bununla belə bəzən dərman və alkoqol olmaması belə özü depressiyaya səbəb ola bilir.
Depressiyanın əlamətləri yaşa bağlı olaraq dəyişə bilərmi?
Yaşlı şəxslərdə əlamətlər daha çox gözə çarpa bilir. Depressiv ruh ilə yanaşı duyğu hissləri ilə özünüifadəetmə də olduqca azalması sıx görülür. Apatiya, yorğunluq və yuxu pozulmaları daha sıx görülməkdədir. Lakin somatik şikayətlərin belə şəxslərdə daha çox rast gəlinməsini həmçinin onların yaşı ilə də əlaqələndirmək düzgün olardı.
Depressiv hallar zamanı intihar etmə sıxlığı nə qədərdir?
Depressiya keçirən xəstələrdə intihar düşüncəsi və cəhdi 20-40%-ə qədərdir. İntihara cəhd edən şəxslərin keçmişlərində də belə cəhdlərə əl atdığı görülmüşdür. İntihar riski əlamətlərin şiddəti ilə hər zaman əlaqəli deyildir. Yaşlılarda intihar halları gənclərə nisbətən 2 dəfə daha yüksəkdir. Xəstəxana da bu xəstəlikdən müalicə alan xəstələrdə intihar cəhdi 15%-dir. Ümumi depressiya hallarının yalnızca 15%-i intiharla yekunlaşır. Bütün intiharların 70%-i isə depressiyayla əlaqəlidir.
Depressiya xəstələrinin xəstəxanada müalicə alması məcburidirmi?
Ümumiləşdirsək bu tipli xəstələrin xəstəxanada müalicə alması labüd deyildir. Lakin aşağıdakı hallarda xəstəxanadaxili müalicə tətbiq edilə bilər:
- Ciddi intihar düşüncəsi olanlar
- İntihar planları quranlar
- Özünə və ətrafdakılara zərərvermə niyyətində olanlar
- Qidadan imtina edənlər
- Psixoloji əlamətlər göstərən şəxslər
Depressiya genetik bir xəstəlikdirmi?
Həm depressiya, həm də bipolyar pozğunluqlar ailə ilə bağlılıq göstərirlər. Yaxın qohumlarda bu iki xəstəliyi olan şəxslərdə bu xəstəlik ümumi topluma görə 2-5 qat daha çox görülür. Əkizlər üzərində aparılan araşdırmalar da genetik faktorun rolunu dəstəkləyir. Lakin depressiya zamanı sosial faktorların rolu daha böyük qiymətləndirilir.
Müalicə bitdikdən sonra dərman qəbulu dayandırılmalıdırmı?
Xeyr. Depressiyanın uzanmasında və ya yenidən yaranmasında əsas faktorlardan biri də məhz yarım qalmış müalicədir. İlk dəfə müalicə olunan xəstələrdə müalicə müddəti təxminən 1 ildir. Bu müddət ərzində qalan əlamətlər varsa, müalicə prosesi bir qədər də uzadılır.
Antidepresssant dərmanlar bağımlılıq yardırmı?
Xeyr. Antidepressant dərmanlar depressiya hallarında ümumi auranı yaxşılaşdırmağa səbəb olur və xəstəliyin müalicəsində tətbiq edilməkdədirlər. Sağlam insanlarda xüsusi bir effect göstərmir və bağımlılıq yaratmırlar. Həmçinin bu tip dərmanlar uzun müddət istifadə oluna bilinməsi təsdiqlənmiş preparatlardırlar. Həkim nəzarəti altında istifadə olunduğu müddətdə qalıcı və ciddi yan təsirləri yoxdurlar. Ancaq hər dərmana qarşı müəyyən şəxslərdə aşırı həssaslıq ola biləcəyi ehtimalı unudulmamalıdır.
Nevroloq / nevropatoloq Dr. Jalə Qarayevanın depressiya haqqında hazırladığı qısa reportaja aşağıdakı videodan baxa bilərsiniz:
