skip to Main Content

NEVROLOQ DR. JALƏ QARAYEVA

Miqren Nədir, Onu Yaradan Səbəblər Və Miqrenin Müalicəsi

Miqren nədir, onu yaradan səbəblər və miqrenin müalicəsi

Miqren nədir?

Miqren müalicəsi mümkün olan nevroloji xəstəlikdir. Bu xəstəliyə kişilərlə nisbətdə qadınlarda daha çox rast gəlinir. Qadınların təxminən 20 faizi, kişilərin isə 8 faizi miqrendən əziyyət çəkirlər.

Diaqnostika necə aparılır?

Əgər baş ağrılarınız krizlər halında ortaya çıxırsa, bu ağrıya miqren ağrısı deyə bilərik. Xəstəlik zamanı krizlər bəzi insanlarda ildə 1-2 dəfə, bəzilərində isə ay ərzində dəfələrlə görülə bilir. Əksər baş ağrıları isə şiddətli formada baş verir. Miqren ağrılarının digər formalı baş ağrılarından fərqi isə ürək bulanma, bəzən qaytarma və bəzən də səs, işıq və qoxulara olan həssaslığın müşahidəsidir. Lakin miqren diaqnozunun qoyulması üçün həkim müayinəsi əsas şərtdir.

Miqreni yaradan səbəblər nələrdir?

Əsas səbəblərin başında genetik faktorlar dayanır. Ailənizdəki fərdlərdən birində miqren varsa, siz də bu xəstəliyin görülmə riski 40 faizdir. Həm anası, həm atası miqren olan bir insan da isə bu nisbət 75 faizə qədər qalxır. Miqren ağrılarının digər səbəblərindən biri də hormonal dəyişikliklərdir. Bu səbəb ən çox qadınlarda görünür. Xüsusilə də menstruasiya zamanlarında ağrılar daha da şiddətlənə bilir. Həmçinin bulantı, qusma, işığa və səsə həssaslıq da yarana bilər. Adətən təktərəfli şəkildə güclü ağrılar baş verir.

miqrenin elametleri

Miqrenin əlamətləri hansılardır?

Miqrenin ən böyük əlaməti şiddətli ağrılardır. Hətta o qədər güclü ola bilər ki, şəxs yerindən qalxa bilməyəcək vəziyyətə belə gələ bilir. Miqrendəki baş ağrısı göz və ya gözün arxasında da hiss edilir. Alın, başın arxa tərəfi və qulağın arxası miqren ağrılarının ən çox hiss edilən nahiyələridir. Baş ağrıları ilə yanaşı depressiya, həddindən çox sevincli olmaq, durğunluq, diqqət azlığı, danışan zaman yaranan çətinlik, əsnəmə, yatmaq istəyi, qəbizlik, ishal da miqrenin əlamətləri sırasındadır. Ən çox bilinən digər əlamət isə qoxulara qarşı həssaslıq hissidir. Bunlar da miqrenin şiddətini artıra bilir.

Xəstəliyin ümumi aurası

Miqrenin əlamətlərindən biri də “auralar”dır. Şiddətli baş ağrısından öncə görülən bəzi nevroloji əlamətlərə “aura” deyilir. Miqren aurası başlamazdan öncə, ağrının başladığı zaman və ya ilk zamanlarında olur. Olduqca qısa müddətlidir. 10 ilə 30 dəqiqə ərzində başlayıb 20 dəqiqə kimi çəkir. Əl və dildə və ya ağız, çənədə uyuşmalar da baş verə bilər.

Miqreni tətikləyən (artıran) faktorlar

Bu insandan-insana dəyişməkdədir. Pendir və şokolad kimi bəzi qidalar da ağrıları artıra bilər. Həmçinin, düzgün qidalanmamaq və ya kifayət qədər su içməmək də miqren ağrılarını artıra bilir. Yuxu da digər əsas məsələlərdən hesab olunur. Belə ki, yaxşı yatmamaq ağrıları artıra bilər. Çox parlaq və yanıb sönən işıqlar, həmçinin kəskin qoxular və iqlim dəyişiklikləri də miqreninizi artıra bilər. Bununla yanaşı psixoloji vəziyyətlər, qadınlardakı hormonal dəyişikliklər də öz təsirini göstərə bilir. Miqrenə müsbət təsir göstərən qidalar olmasa da, şiddəti artıran yeməklərdən uzaq durulmalıdır. Kakao, quru lobya, mərcimək, dəniz məhsulları, spirtli içkilər, hazır ət, toyuq suyu bulyonları, pendirlər, qəhvə, əncir, quru üzüm, avokado, banan, və s. kimi qidalar miqren ağrılarını şiddətləndirir.

miqrenin mualicesi

Miqrenin müalicəsi necə aparılır?

Miqren növləri doğru müalicə üçün əsasdır. Miqrenin doğru dəyərləndirilməsi üçün mütləq şəkildə xəstəlik təsdiqlənməlidir. Ümumilikdə isə, bu xəstəliyin auralı ve aurasız növləri vardır. Ən çox görülən növü isə aurasız miqrenidir. Müalicə zamanı ilk olaraq diaqnoz qoyulmalıdır. Mütəmadi olaraq baş verən ağrılar zamanı isə ikincili başağrılarını inkar etmək üçün başın tomoqrafiyası həkimlər tərəfindən tövsiyə edilməkdədir. Uyğun müalicə ilə xəstələr miqren krizlərindən xilas ola bilərlər. Həmçinin, xəstəliyi şiddətləndirə biləcək faktorlardan da uzaq duraraq ağrıları azaltmaq olar. Miqrenə uyğun həyat tərziniz olmalıdır, bu olmasa dərmanlar çox da effektiv olmaya bilər.

Gündəlik həyatınızda bunlara diqqət etməlisiniz:

  • Mütəmadi idman etmək;
  • Stresdən maksimum dərəcədə uzaq durmaq;
  • Spirtli içkilərdən imtina etmək;
  • Az və ya çox yatmamaq;
  • Baş ağrılarının nə zaman olduğunu dəqiqləşdirmək;
  • Uyğun çəkidə qalmaq;
  • Müalicə zamanı dərmanlar mütləq şəkildə həkimin tövsiyəsi ilə qəbul edilməlidir.

Bulantınız varsa, bulantı və miqren üçün dərmanları eyni anda istifadə etməyiniz mümkündür. Ancaq digər şəxslərin tövsiyəsi ilə dərmandan istifadə yolverilməzdir. Miqren dərmanları nə qədər tez qəbul edilərsə, bir o qədər faydalı olar. Dərmanlar ağrıları hiss etdiyiniz anda içilməlidir. Əgər miqren dərmanları effekt vermirsə, krizlər artırsa, bu zaman qoruyucu müalicə üsulunu sınamalısınız. Bunlar ağrıkəsici dərmanlardan fərqlidirlər.

Miqrenin müalicəsi hər xəstəyə fərdi şəkildə aparılmaqdadır.

Bu cür şikayətləri olan pasiyentlərin keçmiş hekayəsi araşdırılmalı, baş və boyun hissələrinin müayinələri aparılmalı və hər bir xəstəyə uyğun fərdi müalicə başlanılmalıdır. Bu zaman əzələlərin də yoxlanılmasında fayda var. Xəstənin sudan istifadəsi, necə qidalandığı, stress dərəcəsi, ətraf faktorlar dəqiqləşdirilməlidir. Bununla yanaşı, miqren ağrıları digər xəstəliklərə bənzəyə bilir. Aparılan araşdırmalara görə, xəstələrin 53%-i psixogenik və ya xəstəlikdən sonra psixoloji problemlər səbəbilə baş ağrısından əziyyət çəkirlər. Bu səbəbdən bütün xəstələrə eyni yanaşmaq doğru deyildir.

miqren haqqinda

Pasiyentləri maraqlandıran bir neçə ümumi sualları nəzərdən keçirək.

1) Pasiyentlər hansı idman hərəkətlərini yerinə yetirməlidirlər?

Aparılan araşdırmalara görə, miqrenə bəzi yüngül hərəkətlər müsbət təsir göstərə bilər. Yüngül hərəkətlər miqren krizlərinin müddətini və şiddətini azalda bilər və miqrenin qoruyucu müalicəsində faydalı ola bilər. Yoqa, üzgüçülük, rəqs, gəzinti bu hərəkətlərdən sayılır.

2) Bu xəstəlik depressiyaya səbəb ola bilərmi?

Xronik miqren ağrıları olan insanlarda depressiya hallarına rastlanılır. Xronik miqrenin diaqnozu ilk 3 ay  ərzində qoyula bilər. Həmçinin iki gündə bir və ya daha tez krizlər baş verirsə, buna xroniki ağrılar da demək olar. Miqrenin müalicəsi zamanı depressiya hallarının da ortadan qaldırılması əsas rol oynayır.

3) Hansı qidalar miqren krizlərinə səbəb olur?

Yuxarıda qeyd etdiyimiz kimi pendir, spirtli içkilər, şokolad və s. qidalar ağrıları şiddətləndirir. Rokfor, kifli, ağ pendir, mozzarella daha çox miqreni olan insanlara mənfi təsir göstərir. Qırmızı şərab, viski, sampan miqrenin “dostudur”. Tez təsir edə bilir. Çox soyuqda qalmaq da miqreni artıra bilən faktorlardandır.

Bununla yanaşı:
– Meyvə quruları
– Mayalı qidalar
– Banan, portağal, kivi , ananas və s. meyvələr
– Xurma, əncir, üzüm
– Ət bulyonları
– Dadlandırıcılar da miqren şiddətini artıran qidalardan hesab olunur.

4) Kofein miqrenə müsbət təsir göstərir?

Kofein miqrenə müsbət təsir göstərir. Miqren dərmanınıza kafein əlavə etsəniz bu, baş ağrılarına 40 faiz daha çox müsbət təsir göstərər. Ancaq kofein tərkibli qidaların da digər baş ağrısı dərmanları kimi çox istifadəsi rebound baş ağrısına səbəb ola bilər. Həmçinin, kofein tərkibli dərmanlar faydalı olsa da, kofeinli qidalar tövsiyə edilmir. Unutmaq olmaz ki, bütün dərmanlar həkim nəzarətində verilməlidir.

Dr. Jalə Qarayeva

Nevroloq Dr. Jalə Qarayeva Türkiyə Respublikası Ankara Gazi Xəstəxanasının Nevrologiya kafedrasında ixtisaslaşmışdır. Azərbaycan və Türkiyədə bir sıra konfrans, seminarlarda iştirak etmiş, bir çox sertifikatlarla təltif olunmuşdur. Bir sıra elmi məqalələrin müəllifidir.

Əlaqə telefonu: (050) 363 10 02

NEVROLOQ DR. JALƏ QARAYEVA

Back To Top