Qəbul imtahanı öncəsi valideynlər nələrə diqqət etməlidirlər?
“Qəbul imtahanı ərəfəsində cəmiyyətin əsas probleminə çevrilmiş məsələlərdən biri də valideynin övladına təzyiq göstərməsidir. Bu təzyiqlərin həmin an heç bir fəsadı görünməsə də, zaman keçdikcə mütləq öz mənfi təsirini göstərir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında tanınmış nevropatoloq həkim Jalə Qarayeva deyib.
O, mövzuya həm həkim,həm də ana olaraq münasibətini bildirib:
“İlk onu deyim ki, valideyn imtahana görə övladı üzərində təzyiq yaratmamalıdır. Ancaq övladlar da valideynlərinin onların oxuması üçün atdıqları addımları dəyərləndirməlidirlər. Övlad da dərslərinə vaxt ayırmalı, bütün səylərini ortaya qoymalıdır. Acı da olsa etiraf edək ki, valideyn də övladının oxuması, təhsil alması üçün müəyyən ehtiyaclarını məhdudlaşdıraraq ,onun tələbatını qarşılamağa çalışır. İmtahandan kəsilmək son deyil, ancaq hər bir valideynin arzusu övladının təhsil almasıdır”.
Nevropatoloq Jalə Qarayeva tibbi cəhətdən də mövzuya münasibət bildirib:
“Tibbi cəhətdən isə onu deyə bilərəm ki, bir günlük imtahan həyəcanının insan orqanizminə təsiri böyükdür. İmtahan həyəcanı yaşayan abituriyentlər ciddi yaddaş pozğunluğu, stres, əsəb, həyəcan keçirərək bildiklərini də unudurlar. Belə ki, stres çox hallarda abituriyentin yüksək nəticə göstərməsinə mane olur. Bu səbəbdən də imtahana hazırlaşan şəxslər imtahan öncəsi həkim məsləhəti olmadan “sakitləşdirici”, “yaddaş” üçün dərman vasitələrindən istifadə etməməlidirlər.
Hazırda adət halını almış kiminsə istifadə etdiyi “sakitləşdirici” və ya “yaddaş” üçün dərman vasitələrinin başqaları tərəfindən qəbulu yolverilməzdir. Çünki bu tip dərmanlar yalnız həkim rəyi ilə fərdi şəxsə yazılmış olur. İnsanlar elə düşünür ki, mən bu həblə sakitləşib, yaddaşımı gücləndirəcəm.Bu tərkibli dərmanlar hamıya eyni təsir etmir. Bir daha xüsusi qeyd edim ki, bu tipli dərmanların qəbulu zamanı həkim rəyi mütləqdir.
İmtahan stresinin ən çox müşahidə olunan əlamətləri – uğursuzluq qorxusu, həvəssizlik, ürəkbulanma, ağız quruluğu, tərləmə, yuxu pozğunluğu, mədə ağrısı kimi fiziki şikayətlər, diqqət və konsentrasiyanın pisləşməsi, özünə inamın azalması, özünü qeyri-adekvat və dəyərsiz görməkdir. Bu zaman qəbul edilən “sakitləşdirici” dərman insan düşüncəsinin dəyişməsinə kömək etmir. Dərman insanı müvəqqəti sakitləşdirə bilər, ancaq problemin və ya xəstəliyin arxasında duran səbəbin müalicə olunmasında heç bir rol oynamır. Abituriyentlərin 90 faizində imtahan öncəsi stres olur, bu normal haldır. Təbii ki, bəzən bu ciddi nevroloji problemlərə də səbəb ola bilər. Abituriyentlərin imtahana hazırlıq prosesində daha doğru yanaşma onlara nevroloji dəstəyin göstərilməsidir. Valideynlər də bu məqamlarda çox həssas, narahat olurlar və abituriyentə təzyiq edirlər. Çalışmaq lazımdır ki, ailədə gərginlik olmasın. Ailə mənəvi dayaq olmalı, uşaqda özünə inam hissini gücləndirməlidir”.
Sonda bütün abituriyentlərə uğurlar diləyirəm!