Tinnitus – Qulaqda olan səslər, qulaqda səs-küy olması
Qulaqda olan səslər nədir?
Qulaqda səsin olması (Tinnitus) qulaqda anidən ortaya çıxan və ətrafla əlaqəsi olmayan səslərin eşidilməsi ilə bağlı olan bir narahatlıqdır. Belə səslər uğultu, cızırtı, fit və ya zil səsi şəklində ola bilirlər. Bu kimi eşidilən səslər bəzən kənardan gəlirmiş kimi də bir hissiyyat yarada bilməkdədir. Qısamüddətli bir narahatlıq verən bu formada qulaqda səs küy olması şikayətləri ən çox yetkin yaşlı (50 yaşdan yuxarı) insanlarda rast gəlinən bir hal olsa da, uşaqlarda və yeniyetmələrdə də rast gəlinir. Belə hallar müvəqqəti xarakter daşısa belə, bəzən xroniki və davamlı şəkildə də ola bilirlər. Əzələ və sinir sistemi xəstəlikləri, beyin şişləri, eşitmənin pozulması, həddindən artıq səs-küyə məruz qalma, qulaq iltihabı, qulağa toksik dərman istifadəsi tinnitusun yaranma səbəblərinə misal ola bilər. Bundan əlavə yorğunluq və depressiya belə qulaqda səs olması kimi şikayətlərə səbəb ola bilir.
Tinnitus nədir?
Qulaqda səsin olması (tinnitus), latınca “çınlamaq” mənasında gələn “tinnire” sözündən yaranmış bir tibbi termindir. Şəxsin bir və ya hər iki qulağında və ya beyinində, ara-sıra və ya daimi şəkildə çəyirtkə səsləri, quş səsi, fit və ya zil səsi olaraq eşitdiyi, bəzən də kənardan belə eşidilə bilən səsləri hiss etməsidir. Bu şüurlu şəkildə xaricdəki heç bir mənbədən gəlməyən bir səsi eşitdiyimiz zaman baş verir. Belə hallar bir xəstəlik olmayıb, hər hansısa bir əsas problemin əlaməti olaraq qəbul olunur. Qulaqda səs-küy olması şikayətləri ümumiyyətlə subyektiv olsa da, yüzdə bir insanda obyektiv şikayət də ola bilir ki, bu zaman səsləri digər insanlar da eşidə bilir.
Tinnitusun əlamətləri
- Qulaqda səs olması zamanı insanlar çox zaman nəbzləri ilə ritmik olaraq davam edən səslər eşidə bilirlər.
- Bəzi insanlar qulaqdakı səsləri musiqi ritminə bənzər bir formada da hiss edə bilirlər.
- Ətrafda olan diqqət cəlb etməyən səslərə diqqət edən, kənar səslərin onları narahat etdiyi (Hiperakuziya) insanlarda da tinnitus görülə bilər.
- Həmçinin yazının başlığında qeyd olunan qulaqda eşidilən cürbəcür səs formalarının mövcudluğu tinnitusun əlamətləri hesab olunur. Qulaqda səs olması hər bir insanda oxşar görünümdə olsa da, insanlar çox zamanı bunları fərqli şəkildə ifadə etməkdədirlər.
Qulaqda olan səsin müalicəsi. Tinnitusun müalicəsi necə olmalıdır?
Bununla bağlı Nevropatoloq Jalə Qarayeva açıqlamasında bildirib ki, atılacaq ilk addım tinnitusun əsas səbəbini təyin etməkdir. Daha sonra müalicə metodları haqqında danışmaq olar. Həkim nevroloq onu da qeyd edib ki, bəzən pasiyentlər həkimə getməkdən çəkinib, kiməsə olunmuş müalicənin onlara da edilə biləcəyi düşüncəsilə həmin müalicədən özləri üçün də istifadə edirlər. Ancaq bu çox yalnış üsul və addımdır. Çünki bütün xəstəliklərdə olduğu kimi Tinnitusda da müalicə hər bir şəxsə fərdi yanaşılmaqla aparılmalıdır.
Həkim Nevroloq Jalə Qarayeva həmçinin bildirib ki, qulaqda olan səs aşağıda sadaladığım xəstəlik və ya fəsadların aradan qaldırılması ilə müalicə edilə bilər:
- Qulaq infeksiyası üçün təcili tədbirlərin görülməsi
- Hər hansı bir qəbul edilən ototoksik dərmanı dayandırmaq
- Çənə sümüyü və gicgah sümüyü arasındakı oynağa təsir edən hər hansı bir temporomandibulyar oynaq problemini müalicə etmək.
Əgər qulaqda səsin səbəbi yuxarıda sadalananlar olmazsa, bu halda məsləhətdir ki, həmin şəxslərin yuxusuzluq, narahatlıq, eşitmə çətinliyi, sosial təcrid və depresiyanın təsirləri üçün müalicədən faydalanması tövsiyə olunur. Burada doğru müalicə insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Bəs qulaqda səsin səbəbi nədir, qulaqda səs nədən yaranır?
Tinnitusun ən çox görülən səbəbi, daxili qulaq hüceyrələrinin zədələnməsi və itkisidir. Bu əsasən insanlar yaşlandıqca baş versə də, həddindən artıq yüksək səs-küyə uzun müddət məruz qalma nəticəsində də baş verə bilər. Eşitmə itkisi tinnitus ilə də üst-üstə düşə bilir. Tibbi tədqiqatlar müəyyən səs tezliklərinə həssaslığın itməsinin beynin səsin necə işlənməsində dəyişikliklərə səbəb olduğunu göstərmişdir. Beyin müəyyən bir tezlik ətrafında daha az xarici stimul aldıqca, uyğunlaşmağa və dəyişməyə başlayır.
Aspirin, ibuprofen, müəyyən antibiotiklər və diuretiklər kimi bəzi dərmanlar “ototoksik” ola bilər. Bu kimi bəzi dərmanlar daxili qulağa zərər verir və nəticədə tinnitusun yaranmasına səbəb ola bilir.
Digər mümkün səbəblər isə aşağıdakılardır:
- Baş və boyun xəsarətləri
- Qulaq infeksiyası
- Qulaq boşluğuna toxunan xarici bir cisim və ya qulaqcıq
- Yevstax borusu (orta qulaq) problemləri
- Temporomandibulyar oynaq pozğunluqları
- Orta qulaq sümüklərinin sərtləşməsi
- Travmatik beyin zədəsi
- Ürək-damar xəstəlikləri
- Diabet və s.
Xarici bir cisim və ya qulaqcıq tinnitusa səbəb olarsa, yad cismi çıxarmaq tinnitus əlamətlərinin çəkilməsinə səbəb olur. Ürək döyüntüsü kimi səslənən tinnitus daha ciddi bir şikayət ola bilər. Həmçinin qulaqda səslər qulaq bölgəsində anormal bir böyümə, məsələn bir şiş, damar və arteriya arasındakı anormal bir əlaqə ilə də bağlı ola bilər. Bu zaman tibbi müayinəyə ehtiyac mütləqdir.