Üz sinirinin neyropatiyası
Üz sinirinin neyropatiyası yayğın patalogiyalardandır. Üz siniri üz nahiyəsindəki mimikalar üçün əzələlərin hərəkətini təmin edir. Bu sinir beyindən bir cüt çıxır və üz əzələlərinə çatır. Sinirdə olan hər hansı bir zədələnmə üz iflici, yaxud üz parezine səbəb olur. Üz siniri neyropatiyası mərkəzi (beyindəki zədələnməyə bağlı) və periferik (periferik zədələnməyə bağlı) olur. Daha çox periferik tip rast gəlirik, bu zaman zədələnən tərəfdə alın qırışdırma edilə bilmir, göz qapaqları yumulmur, yanaq bölgəsi şişirdilə bilmir, ağız bucağı sallanır və gülümsəmə çətin olur. Mərkəzi tipdə isə zədələnən tərəfdən əks tərəfdə qaş bölgəsindən aşağıda üz hərəkətləri edilə bilmir, alın hərəkətlərində isə bir problem yaranmır. Səbəblərə Bell iflici, Ramsey Xant sindromu, Moebius sindromu, Laym xəstəliyi ,şişlər, yüksək arterial təzyiq, travmalar, şəkərli diabet və s. aiddir. Müalicə etiologiyadan asılı olaraq aparılır.